top of page

11.11.2023 - AMD/AATİB “Zəfər Günü”nə həsr olunmuş konfrans

11 Noyabr tarixində Göttingen şəhərində Almaniyadakı Azərbaycanlı Tibb İşçiləri Birliyinin

(AATİB/AMD e.V.) 8 Noyabr “Zəfər Günü”nə həsr olunmuş konfransı keçirilib. Tədbirdə

Almaniyada çalışan yüzdən artıq azərbaycanlı həkim və elm xadimləri iştirak edib. Konfransın rəsmi

hissəsi Qarabağ uğrunda həlak olmuş şəhidlərimizin ruhunu bir dəqiqəlik sükut ilə anmaqla başlayıb.

Tədbirdə açılış nitqləri ilə çıxış edən AATİB sədri doktor Elşən Qarayev və sədr müavini doktor

Elşən Ağayev iştirakçıları salamlayaraq Zəfər Günü münasibətilə təbrik edib, konfransın önəmi

barədə məlumat veriblər. Daha sonra geniş təqdimatla çıxış edən E. Qarayev AATİB-in tarixi və son

illərdəki fəaliyyəti barədə konfrans iştirakçılarına ətraflı məlumat verib.

Konfransa Azərbaycandan telekörpü vasitəsi ilə qoşulan TƏBİB-in İcraçı Direktoru cənab Vüqar

Qurbanov konfrans iştirakçılarını salamlayıb və Zəfər Günü münasibətilə təbrik edib. Cənab

Qurbanov çıxışında TƏBİB-in Azərbaycandakı uğurlu fəaliyyəti barədə məlumat verib, xaricdə təhsil

almış həkimlərin ölkə səhiyyəsindəki önəmindən danışıb. O, həmçinin son illər TƏBİB-in beynəlxalq

fəaliyyəti çərçivəsində xaricdə çalışan azərbaycanlı həkimlər və tibb təşkilatları ilə əlaqələrin

möhkəmlənməsindən, birgə əməkdaşlığın əhəmiyyətindən bəhs edib.

Tədbirdə çıxış edən AATİB fəxri üzvü, Almaniyada Mannheim Universitet Xəstəxanasında çalışan

azərbaycanlı həkim və elm xadimi Dr. Vüqar Yaqublu Almaniya və Azərbaycan arasında səhiyyə

sahəsində icra olunan layihələrdən və yeni ideyalardan danışıb. Natiq çıxışında interdissiplinar

təbabətin önəmini vurğulayıb və həkimlərimizi Azərbaycandakı qurumlar ilə icra olunan layihələrdə

yaxından iştirak etməyə çağırıb.

Konfransın ikinci hissəsi Almaniyada müxtəlif ixtisaslarda çalışan həkimlərin elmi çıxışları ilə

davam edib.

AATİB İdarə Heyəti üzvləri neyrocərrahlar Turab Qasımov və Ruslan Muradzadə, həmçinin torakal

cərrahlar Elbəy Rəsullu və Əziz Fətulla təqdimatlarında öz ixtisasları üzrə ən aktual mövzulara

toxunaraq konfrans iştirakçılarının qarşısında maraqlı mühazirələrlə çıxış ediblər.

Tədbirə dəvət olunmuş çıxışçılardan Leyla Werner Almaniyada pulmonologiya ixtisasında

rezidentura təhsili və bu ixtisasın önəmi, oral cərrahiyyə mütəxəssisi Pərviz Rəhimli isə özəl

stomatoloji sığortanın üstünlükləri barəsində məlumat veriblər.


Konfransa dəvət olunmuş mütəxəssislər arasında Almaniyada ən böyük ailə sağlamlıq mərkəzi

şəbəkələrindən biri “All&Inn Medizin“ sahibləri olan azərbaycanlı həkimlər Fuad Orucov və Yusif

Rüstəmov öz uğurlu təcrübələri barədə iştirakçıları məlumatlandırıb, ailə həkimliyi institutunun

səhiyyə sistemində önəmi barədə geniş məruzə ilə çıxış ediblər.

Konfransın sonunda AATİB-ə yeni üzvlər qeydiyyata alınıb, növbəti illər üçün idarə heyətinə

seçkilər baş tutub.

Qeyd edək ki, Almaniyadakı Azərbaycanlı Tibb İşçiləri Birliyi 2020-ci ilin dekabr ayında Almaniya

Federativ Respublikasının Visbaden şəhəri Ədliyyə Baş İdarəsinin 02.12.2020-ci il 7380 No-li qərarı

ilə qeydiyyatdan keçmişdir (AATİB, almanca AMD e.V.) və azərbaycanlı həkimlər tərəfindən

Almaniyada bu formatda yaradılmış ilk birlikdir.

Nəzərinizə çatdırmaq istəyirik ki, AATİB Almaniyada çalışan yüzlərlə azərbaycanlı tibb işçisini, tibb

sahəsində akademik fəaliyyətlə məşğul olanları və tibb tələbələrini təmsil etməyi, onlar arasında

əməkdaşlıq əlaqələrinin effektiv qurulmasını və inkişafını əsas hədəflərindən biri olaraq seçmişdir.


Hörmətlə,

AATİB İdarə Heyəti

Frankfurt am Mayn şəhəri

12 Noyabr 2023-cü il

Əlaqə üçün:

info@amedeu.de

+49 17647097505




141 Ansichten0 Kommentare
bottom of page